İngiltərə çempionatında 12-ci turdan təxirə salınmış oyun keçirilib.
Titul uğrunda gərgin mübarizədə olan əsas rəqiblər “Arsenal” və “Mançester Siti” “Emireyts stedyum”da qarşılaşıb. 24-cü dəqiqədə hesab açılıb. “Arsenal”ın yaponiyalı müdafiəçisi Takehiro Tomiyasunun səhvindən Kevin De Bröyne lazımınca yararlanıb. Ancaq fasiləyə qədər tarazlıq bərpa olunub. 42-ci dəqiqədə Bukayo Saka penaltini dəqiq yerinə yetirib. Beləliklə ilk hissə 1:1 hesabilə başa çatıb. Fasilədən sonra “Mançester Siti” futbolçuları təşəbbüsə yiyələnərək önə çıxıb. 72-ci dəqiqədə Cek Qrilişin zərbəsi qarşısıalınmaz olub. Çox keçmədən Erlinq Holand hesabı 3:1-ə çatdıraraq yekun nəticəni müəyyənləşdirib. Bu qələbəylə “şəhərlilər” xallarının sayını 51-ə çatdıraraq İngiltərə çempionatında liderliyə yüksəlib. Hesabında eyni miqdarda xal olan “Arsenal” 2-ci yerə geriləyib. Lakin “Topçular” Pep Qvardiolanın komandasından 1 oyun az keçirib. “Mançester Yunayted” isə 46 xalla ilk 3-lüyü tamamlayır.